Bu cür təşəbbüslər həssas sülh prosesinə əlavə gərginlik gətirə bilər"
Avropanın iki ölkəsində paralel şəkildə Azərbaycana qarşı qəbul edilən sənədlər regionla bağlı yeni siyasi müzakirələrə səbəb olub. Belə ki, Niderland parlamentinin Nümayəndələr Palatasının deputatı Don Sederin təşəbbüsü ilə hökumətə ünvanlanan müraciətdə Bakıda bəşəri cinayətlərə görə həbs edilmiş erməni şəxslərlə bağlı məsələ qaldırılıb, eyni zamanda qondarma “erməni soyqırımı”nın tanınması çağırışı yer alıb. Eyni gündə Belçika parlamentinin Nümayəndələr Palatasının deputatı Mişel de Maq tərəfindən oxşar məzmunlu təşəbbüsün irəli sürülməsi diqqət çəkir. Sənədlərdə, həmçinin Azərbaycanın suveren ərazilərini könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması ilə bağlı çağırışların yer alması məsələyə siyasi çalar əlavə edir.
Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Tural Gəncəliyevdir:
- Niderland parlamentinin Nümayəndələr Palatası və Belçika parlamentinin Nümayəndələr Palatasında eyni gündə Azərbaycana qarşı oxşar təşəbbüslər hansı siyasi motivlərlə izah oluna bilər?
- Belçika və Niderland parlamentinin bəzi deputatları Azərbaycana qarşı qərəzli, ədalətsiz, beynəlxalq hüququ kobud şəkildə pozan təşəbbüslə çıxış ediblər. Bu, Azərbaycanın daxili işlərinə qarışmaq, suverenliyinə qarşı atılan qərəzli addımdır. Belə bir qərəzli qətnamə sənədlərinin hazırlanaraq Belçika və Niderland parlamentində irəli sürülməsi qəbuledilməzdir.
- Bu addımlar təsadüfidir, yoxsa koordinasiyalı siyasi xəttin nəticəsi kimi qiymətləndirilməlidir?
- Bu təşəbbüs, təbii ki, öz absurd xarakteri ilə diqqəti cəlb edir. Belə ki, Belçika və Niderland parlamentinin deputatları Azərbaycan xalqına qarşı soyqırım, müharibə cinayətləri törətmiş, ümumiyyətlə bəşəriyyətə qarşı cinayətlər törətmiş erməni canilərinin, Azərbaycanda həbsdə olan erməni terrorçularının vəziyyəti, o cümlədən fürsətdən yararlanaraq qondarma erməni soyqırımı ilə bağlı məsələləri yenidən gündəmə gətirərək öz parlamentlərində müvafiq sənədlərin qəbul edilməsi ilə bağlı çıxışlar etmişlər. Sual olunur: Belçika və Niderland parlamentində belə bir tərpəniş, belə bir hərəkətlilik nəyə görə indiki zamanda baş verir. Ermənistan və Azərbaycan arasında sülh prosesi gündəmdədir. Postmünaqişə dövrünə istinad edərək onu deyə bilərik ki, Ermənistanın özü Azərbaycanla münasibətlərini konstruktiv məcrada qurmağa çalışır və artıq bizim sülh müqaviləsinin layihəsi həm paraflanıb, həm də görüşlər keçirilir. Həm ikitərəfli görüşlər, həm çoxtərəfli, multilateral diplomatiya çərçivəsində konstruktiv sülh gündəmini irəliyə aparırıq. Nədənsə bu, Avropa İttifaqında və xüsusilə də özləri vaxtı ilə müstəmləkəçilik siyasəti həyata keçirmiş, daha sonra böyük Avropa güclərinin periferiyasında və onların alətləri rolunda oynayan kiçik Avropa cırtan dövlətləri olan Niderlandın və Belçika parlamentinin nəzərindən qaçıb. Bu ölkələrin birdən-birə belə bir erməni sevgisi, erməni sevdalısı olmaq istəyini də tamamilə başa düşmək mümkün deyildir. Təbii ki, qərəzlidir, bölgədə vəziyyətin gərginləşməsinə yönəlib.
- Don Seder və Mişel de Maq kimi deputatların bu təşəbbüslərlə çıxış etməsi hansı daxili siyasi maraqlarla bağlı ola bilər?
- Birincisi, bu, Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilir və biz buna heç vaxt yol verməyəcəyik. İkincisi, biz gözləyirdik ki, həmin o avropalılar, özlərini demokratiyanın beşiyi hesab edənlər, Belçika parlamenti, Niderland parlamenti erməni caniləri, erməni terrorçuları ilə bağlı barabanlarını çalıb, səslərini çıxarsınlar.
Mənə maraqlıdır ki, nəyə görə Belçika və Niderland parlamenti keçmiş və hal-hazırda davam eləyən müstəmləkə siyasətləri, destruktiv beynəlxalq münasibətləri, beynəlxalq hüququ darmadağın edən siyasətləri haqqında heç nə danışmırlar.
Məlumdur ki, elə yaxın tariximizdə Belçikalı və Avropalı müstəmləkələr, xüsusilə də niderlandlı müstəmləkələr, Afrikanı, müsəlman dünyasını, yaxın Şərqi işğal eləyən, onların resurslarını darmadağın edən və hətta hal-hazırda erməni terrorçularıyla bağlı çağırışlar eləyir, erməni terrorçularının taleyi ilə maraqlanırlar və guya Qarabağdan könüllü çıxıb getmiş insanların taleyi ilə maraqlanırlar. Unudurlar ki, məhz onlar 10 milyonlarla, bəlkə də yüz milyonlarla insanların qətliamına səbəb olmuşlar.
Eyni zamanda Belçikanın Afrikada və hal-hazırda Konqoda indiyə qədər törətdiyi bu müstəmləkəçilik cinayətinin izləri hələ də qalmaqdadır. İndiyə qədər Belçika hökumətinin şirkətləri Konqoda müvafiq resursların istismar edilməsi ilə bağlı fəaliyyətlər aparırlar və yaxud Niderlandı götürək. Müsəlman dünyasının ən böyük ölkəsi olan İndoneziyada 350 illik böyük bir pisilə həyata keçirilərək İndoneziyanın bütün resurslarını məhv etmiş, 10 milyonlarla insanları qətlə yetirmişlər.
Nəyə görə Niderland Parlamentində bu məsələlər müzakirə olunmur? Və yaxud da ki, Konqo. Afrikanın ən möhtəşəm, azadlıq mücadiləsi aparan bir xalqına qarşı atılan addımlar, eləcə də 1960-ci ildə müstəmləkəçiliyə qarşı çıxış eləyən və Konqonun ilk demokratik seçilmiş baş naziri Patrius Lumumbanın şəxsən öldürülməsi və güllələnməsinə səbəb olmuş Belçika hökuməti nədən bu hadisələr haqqında danışmır?
- Bu addımlar Azərbaycan-Avropa münasibətlərinə necə təsir göstərə bilər?
- Bu cür addımlar münasibətlərə müsbət təsir göstərmir, əksinə, müəyyən gərginlik yaradır. Azərbaycan Avropa ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurmaq niyyətindədir. Birtərəfli və qərəzli qərarlar bu münasibətlərin ruhuna uyğun deyil və etimadı zəiflədə bilər.
- Erməni soyqırımının tanınması ilə bağlı qərarların beynəlxalq hüquq baxımından real təsiri varmı?
- Bu cür qərarlar daha çox siyasi xarakter daşıyır və beynəlxalq hüquqi baxımdan məcburedici qüvvəyə malik deyil. Onlar ayrı-ayrı ölkələrin parlamentlərinin siyasi mövqeyini əks etdirir, lakin hüquqi nəticə doğurmur. Eləcə də həmin sənədlərdə yer alan çağırışların bir çoxu beynəlxalq hüququn əsas prinsipləri, xüsusilə dövlətlərin suverenliyi və daxili işlərinə qarışmamaq prinsipi ilə ziddiyyət təşkil edir. Hər bir ölkənin hüquq-mühafizə və məhkəmə sistemi müstəqildir və bu sahəyə kənar müdaxilə yolverilməzdir.
Parlament qətnamələri əksər hallarda tövsiyə xarakteri daşıyır və icraedici hakimiyyət üçün hüquqi baxımdan məcburi deyil. Onlar daha çox siyasi mesaj kimi qiymətləndirilməlidir.
- Avropadakı erməni diasporunun bu qərarlara təsiri nə dərəcədədir?
- Erməni diaspor təşkilatları uzun illərdir müxtəlif ölkələrdə aktiv fəaliyyət göstərir və müəyyən hallarda bu cür qərarların qəbuluna təsir edə bilirlər. Bu, siyasi lobbiçilik fəaliyyətinin bir hissəsi kimi qiymətləndirilə bilər.
Lobbiçilik beynəlxalq siyasətdə mövcud olan bir mexanizmdir. Balans pozulduqda və obyektivlik arxa plana keçdikdə, qəbul edilən qərarlar daha çox siyasi sifariş təsiri bağışlayır.
- Azərbaycan ictimaiyyətində bu qərarlara münasibət necədir?
- Azərbaycan cəmiyyətində bu cür addımlar, əsasən, mənfi qarşılanır və ölkənin suverenliyinə qarşı yönəlmiş addımlar kimi qiymətləndirilir.
- İnformasiya müharibəsi kontekstində bu cür addımların rolu nədir?
- Bu kimi qərarlar informasiya müharibəsinin elementlərindən biri kimi çıxış edir və müəyyən narrativlərin beynəlxalq müstəvidə yayılmasına xidmət edir.
- Bu addımlar Azərbaycan-Ermənistan sülh münasibətlərinə uzunmüddətli təsir göstərə bilərmi?
- Birbaşa təsiri məhdud olsa da, dolayı şəkildə sülh prosesinə mənfi təsir göstərə və müəyyən etimadsızlıq mühiti yarada bilər. Eləcə də bu cür təşəbbüslər həssas sülh prosesinə əlavə gərginlik gətirə bilər. Halbuki hazırda əsas məqsəd regionda davamlı sülhün təmin olunmasıdır.